AFB Bank istiqrazlarının 5 milyon AZN həcmində emissiyasının uğurla yerləşdirilməsi yerli maliyyə bazarlarında əhəmiyyətli hadisəyə çevrildi. Bu prosesdə anderrayter kimi çıxış edən ASSIST Finance İnvestisiya Şirkəti, həm texniki, həm də kommunikasiya baxımından uğurlu nəticələr əldə etdi.
Bu və bir çox digər məsələlərlə əlaqədar olaraq, ASSIST Finance-in direktoru Cəfər İbrahimov ilə bazardakı son tendensiyalar, AFB istiqraz emissiyasının nəticələri və növbəti planlar haqqında danışdıq. Müsahibəmizi sizinlə bölüşürük.
- İlk olaraq, AFB Bank istiqrazlarının buraxılışı barədə ümumi məlumat verərdiniz.
- AFB Bankın istiqraz buraxılışı ölkənin maliyyə bazarlarında əhəmiyyətli hadisələrdən biri oldu. Emitentin istiqrazları ümumilikdə 5 milyon manat həcmində yerləşdirilib. İllik gəlirlilik faizi 13%, tədavül müddəti isə 2 ildir. Faiz ödənişləri hər 90 gündən bir həyata keçiriləcək. Bu emissiyanın anderrayteri kimi “ASSIST Finance” çıxış edib və biz bu prosesin həm texniki, həm də kommunikasiya tərəfini uğurla həyata keçirdik.
- Emissiyanın nəticələri barədə nə deyə bilərsiniz?
- Buraxılış tam olaraq – 100% yerləşdirildi və biz bunu qısa müddətdə reallaşdırmağa nail ola bildik. Bu fakt, həm bazarda etimadın artdığını, həm də investisiya alətlərinə olan marağın yüksəldiyini təsdiqləyir. Ən önəmlisi isə — bu emissiyada 80 investorun iştirak etməsi və onlardan 92%-nin fiziki şəxslər olmasıdır Bu isə maliyyə bazarlarında fərdi investorların fəallığının artdığını və ölkədə investisiya mədəniyyətinin formalaşmağa başladığını göstərir.
- Növbəti emissiyalar istiqamətində hansı planlarınız var?
- Bizim əsas məqsədimiz etibarlı və uğurlu emitentlər bazasını genişləndirməkdir. Hazırda bir neçə şirkətlə danışıqlar aparılır, bəziləri ilə artıq razılaşmalar əldə olunub, digərləri ilə proses davam edir. Müraciətlərin çox olmasına baxmayaraq, biz emitent seçimində keyfiyyət və reputasiya meyarlarına üstünlük veririk. Bu, həm bazarın sağlam inkişafına, həm də investorların maraqlarının qorunmasına xidmət edir.
- Bu istiqamətdə likvidliyi artırmaq üçün hansı addımlar nəzərdə tutulur?
- Prioritetlərimizdən biri bazarda aktiv ticarətin təşviqidir. Bunun üçün market–meyker mexanizminin təkmilləşdirilməsi, informasiyanın şəffaflığının artırılması və investorların təlimləndirilməsi istiqamətində işlər görülür. Məqsədimiz odur ki, investor yalnız alış zamanı deyil, istənilən vaxt likvid bazara da çıxış imkanı da əldə edə bilsin.
- Növbəti mərhələdə ASSIST Finance-in planları nədən ibarətdir?
- Strategiyamızın əsasını maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsi təşkil edir. Yaxın zamanda həm fərdi, həm də korporativ investorlar üçün yeni onlayn platforma və xidmətlər istifadəyə veriləcək. ASSIST Finance olaraq məqsədimiz təkcə vasitəçilik deyil, həm də maliyyə bazarlarının inkişafına dəstək göstərən və investor maarifləndirilməsini təşviq edən aparıcı iştirakçıya çevrilməkdir.